İngiltərə millisinin futbolçusu gecə klubunda hücum ittihamını rədd etdi

2 Oktyabr 2026 01:25
60
İngiltərə millisinin futbolçusu gecə klubunda hücum ittihamını rədd etdi

İngiltərə millisinin futbolçusu Ayven Touni 2025-ci ilin dekabrında Londondakı gecə klublarından birində ziyarətçiyə hücum etməsi ilə bağlı ittihamı qəbul etməyib.

İdman.Biz istinadən xəbər verir ki, bu barədə futbolçunun nümayəndəsi “The Athletic”ə açıqlama verib.

“Ayven irəli sürülmüş ittihamla tanışdır və təbii ki, şoka düşsə də, məhkəmədə günahsızlığını sübut etmək imkanını səbirsizliklə gözləyir”, – deyə nümayəndə bildirib.

İnsident dekabrın 7-nə keçən gecə Londonun Soho rayonunda, Uordur-stritdə yerləşən gecə klubunda baş verib. “The Sun”un yazdığına görə, münaqişə azarkeşlərdən birinin foto çəkdirmək üçün forvardı qucaqlamağa çalışmasından sonra başlayıb.

Şahidlərdən biri nəşrə bildirib ki, həmin şəxs Tounini tanıyaraq onunla selfi çəkmək üçün boynundan qucaqlamağa çalışıb. İddiaya görə, futbolçu “Məndən əl çək” deyərək buna etiraz edib. Daha sonra Touninin həmin şəxsin burnuna kəllə vurduğu və nəticədə onun burun çəpərinin sındığı bildirilir.

Araşdırmadan sonra Touniyə rəsmi ittiham irəli sürülüb. 30 yaşlı futbolçu oktyabrın 1-də məhkəməyə gələrək özünü təqsirli bilmədiyini bəyan edib. O, işə Kral Məhkəməsində baxılması hüququndan da istifadə edib.

İş üzrə növbəti iclas oktyabrın 29-da Kral Məhkəməsində keçiriləcək.

Touni İngiltərə millisində 10 oyun keçirib və 1 qol vurub. O, AVRO-2024 və 2026-cı il dünya çempionatında iştirak edib. Futbolçu klub səviyyəsində Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasında çıxış edir.

İdman.Biz