Türkiyədə hakimlərlə bağlı istintaq genişlənir: Yasin Kol və Göktuğ Hazar Erel saxlanılıb

2 Oktyabr 2026 00:47
59
Türkiyədə hakimlərlə bağlı istintaq genişlənir: Yasin Kol və Göktuğ Hazar Erel saxlanılıb

Türkiyədə Mərkəzi Hakimlər Komitəsinə (MHK) qarşı aparılan istintaq çərçivəsində yeni təfərrüatlar və saxlanılan şəxslər məlum olub.

İdman.Biz “Habertürk”ə istinadən xəbər verir ki, Super Liqa hakimi Yasin Kol və köməkçi hakimi Göktuğ Hazar Erel saxlanılıblar.

Jurnalist Enis Yıldırımın məlumatına əsasən, bu axşam “Trabzonspor”la “Droqeda Yunayted” arasındakı yoxlama oyununu idarə edən Yasin Kolun həm Sürməçə rayonundakı, həm də Çuxurçayır məhəlləsindəki evində eyni vaxtda axtarış aparılıb. Cinayətkar təşkilat işi üzrə saxlanılan Kolun sabah İstanbula göndəriləcəyi bildirilib.

İstanbul Prokurorluğunun rəsmi açıqlamasında qeyd olunub:

“İstanbul Respublika Baş Prokurorluğu tərəfindən MHK sədri və digər şübhəlilər barəsində aparılan istintaq çərçivəsində nəzarətdə olan şübhəlilərdən götürülmüş rəqəmsal əşyaların yoxlanılması və Maliyyə Cinayətləri ilə Mübarizə Departamentinin (MASAK) qeydlərinin ətraflı təhlili nəticəsində Super Liqa hakimi Yasin Kol və Super Liqa köməkçi hakimi Göktuğ Hazar Erel 7258 saylı qanuna zidd hərəkətlər, sənədlərin saxtalaşdırılmasında iştirak və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamları ilə saxlanılıblar”.

Xatırladaq ki, Yasin Kol son günlər haqqında yaranan müzakirələrdən sonra iki gün əvvəl açıqlama verərək, “Alnım ağ, başım dikdir. Trabzonlu kasıb bir kəndli atanın oğluyam. Məndən heç nə çıxmaz” ifadələrini işlətmişdi.

“HT Spor”un baş redaktoru Əhməd Səlim Kul isə mövzu ilə bağlı qiymətləndirməsində yeni saxlanılmaların ola biləcəyini bildirib:

“Fərhat Gündoğdu da telefonunun şifrələrini təslim etmişdi. Bu araşdırmalar davam etdikcə prosesdə yeni dalğalar da görəcəyik kimi görünür”.

İdman.Biz