“Real” UEFA-ya “Barselona” ilə Neqreyra arasındakı əlaqələrlə bağlı sənədlər göndərib

1 Oktyabr 2026 20:11
84
“Real” UEFA-ya “Barselona” ilə Neqreyra arasındakı əlaqələrlə bağlı sənədlər göndərib

“Real Madrid” UEFA-ya “Barselona” ilə Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Neqreyra arasındakı əlaqələrlə bağlı sənədlər təqdim etdiyini təsdiqləyib.

İdman.Biz xəbər verir ki, Madrid klubunun rəsmi saytında yayılan açıqlamada UEFA-nın “Real” tərəfindən təqdim olunan şikayəti qəbul etdiyi və “Barselona”nın son iki onillikdə Neqreyraya etdiyi ödənişlərlə bağlı araşdırmanı davam etdirdiyi bildirilib.

“Klubumuzun təqdim etdiyi şikayət yarışların dürüstlüyünə və hakimlik sisteminə olan etimada birbaşa təsir edən son dərəcə ciddi faktlarla bağlı geniş sənədləri və sübutları əhatə edir.

“Real Madrid” hesab edir ki, UEFA bu sənədləri qəbul etdikdən sonra araşdırma tam başa çatana qədər mümkün qədər sürətlə davam etdirilməli və səlahiyyətli orqanlar təsdiqlənmiş faktların ciddiliyinə uyğun qərarlar qəbul etməlidirlər.

Klubumuz UEFA ilə fəal əməkdaşlığını davam etdirəcək və Avropa futbolunun təməlində dayanmalı olan dürüstlük, şəffaflıq və ədalətli oyun prinsipləri ilə uyğun gəlmədiyini düşündüyü faktların üzə çıxarılması üçün bütün mümkün addımları atacaq”.

İdman.Biz