CAS Afrika Millətlər Kubokunun finalındakı qalmaqallı oyuna baxacaq

30 Sentyabr 2026 22:08
72
CAS Afrika Millətlər Kubokunun finalındakı qalmaqallı oyuna baxacaq

İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun finalı ilə bağlı iş üzrə dinləmənin tarixini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Seneqal Futbol Federasiyası, Afrika Futbol Konfederasiyası (CAF) və Mərakeş Kral Futbol Federasiyasının nümayəndələrinin iştirakı ilə iclas oktyabrın 8-də CAS-ın Lozannadakı qərargahında keçiriləcək.

Seneqal Futbol Federasiyası martın 25-də CAF-ın Seneqal yığmasına texniki məğlubiyyət verilməsi və Mərakeşin turnirin qalibi elan olunması barədə qərarından apellyasiya şikayəti verib. Seneqal tərəfi qərarın ləğv edilməsini və milli komandanın Afrika Millətlər Kubokunun qalibi kimi tanınmasını tələb edir.

Xatırladaq ki, final zamanı Seneqal futbolçuları qapılarına təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk ediblər. Daha sonra komanda meydana qayıdaraq oyunu davam etdirib və qalib gəlib.

Dinləmə qapalı keçiriləcək. Tərəflər işə sürətləndirilmiş qaydada baxılmasını və ya açıq dinləmə keçirilməsini tələb etməyiblər.

CAS-ın qeyd etdiyi kimi, yekun qərarın nə vaxt açıqlanacağı hələ müəyyənləşməyib.

İdman.Biz