“Mançester Siti”nin maliyyə işi böyüyür: klub rəhbərliyini cinayət məsuliyyəti gözləyə bilər

30 Sentyabr 2026 20:40
79
“Mançester Siti”nin maliyyə işi böyüyür: klub rəhbərliyini cinayət məsuliyyəti gözləyə bilər

“Mançester Siti” futbol klubunun rəhbərliyi maliyyə qaydalarını pozması ilə bağlı iş üzrə müstəqil komissiyanın qərarından sonra cinayət məsuliyyəti ilə üzləşə bilərlər.

İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, komissiyanın qərarı klubun maliyyə fəaliyyəti ilə bağlı polis, vergi orqanları və maliyyə tənzimləyicilərinin də marağına səbəb ola bilər.

Komissiya “Mançester Siti”ni 2009/10–2017/18 mövsümləri arasında Premyer Liqada maliyyə qaydalarını ciddi şəkildə pozmaqda təqsirli bilib. Məlumata görə, klub kommersiya tərəfdaşları ilə uydurma sazişlərdən istifadə edib, gəlirləri şişirdib, xərcləri aşağı göstərib və təhrif olunmuş maliyyə hesabatları təqdim edib.

Bundan başqa, qeyri-dəqiq maliyyə məlumatlarının təqdim edilməsi və ayrı-ayrı ödənişlərin real xarakterinin gizlədilməsi ilə bağlı məsələlərin də araşdırıla biləcəyi bildirilir. Əgər bu epizodlara cinayət-hüquqi qiymət verilsə, klubun ayrı-ayrı vəzifəli şəxsləri azadlıqdan məhrumetmə də daxil olmaqla cinayət məsuliyyəti ilə üzləşə bilərlər.

“Mançester Siti” isə qayda pozuntularını təkzib edir və komissiyanın qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Kluba qarşı tətbiq olunacaq sanksiyalar hələ açıqlanmayıb.

İdman.Biz