“Liverpul”un keçmiş futbolçusu, hazırda “Trabzonspor”da çıxış edən Fabinyo Yurgen Kloppun onun mersisayd klubundan ayrılmasına necə şərait yaratdığını açıqlayıb. Braziliyalı futbolçu 2023-cü ildə “Liverpul”u tərk edərək Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, Fabinyo “Liverpul”dan ayrılmaq istəmədiyini və Avropada başqa kluba keçməyi düşünmədiyini deyib. Onun sözlərinə görə, “Əl-İttihad”dan təklif gəldikdən sonra klub rəhbərliyi transferin həm futbolçu, həm də komanda üçün sərfəli olduğunu bildirib.
“Mən qorxdum və məşqçilər korpusunun nə deyəcəyini öyrənmək üçün gözləməyə qərar verdim. Vacib oyunçu olduğumu və onların istənilən təklifdən imtina edəcəklərini düşünürdüm, lakin klubun transferimə açıq olduğunu anladım.
Klopp mənə zəng edib nə istədiyimi soruşdu. Təklif haqqında eşitdiyimi və bunun xoşuma gəldiyini, lakin onun nə düşündüyünü özündən eşitmək istədiyimi bildirdim. O dedi ki, getmək istəyən futbolçular varsa, onları saxlamayacaq.
Bu, sanki mənim gedişim üçün qapını açan bir nitq idi. Məşqçi ilə olan bu söhbət məni klubda saxlaya bilərdi, lakin o, hər şeyi açıq saxladı və bu, mənim heç xoşuma gəlmədi”, – deyə Fabinyo vurğulayıb.
Fabinyo qeyd edib ki, “Liverpul”dakı son mövsüm çox yorucu keçib. Komanda zəif çıxış edib və Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Buna baxmayaraq, futbolçu növbəti mövsümə Premyer Liqa çempionluğu uğrunda mübarizə aparmaq istəyi ilə hazırlaşdığını bildirib.
