“Mançester Yunayted” rəhbərliyi komandanın əvvəlki baş məşqçilərinin fəaliyyətini təhlil edərək klubun gələcəyi ilə bağlı mühüm nəticələrə gəlib.
İdman.Biz “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi yüksək təzyiq altında işləməyi bacaran, təcrübəli və qalib komanda formalaşdıra biləcək baş məşqçiyə ehtiyac olduğunu düşünür.
Rəhbərlik hesab edir ki, hazırkı heyətin potensialı Maykl Karrikin dövründə göstərilən nəticələrdən daha yüksək səviyyədə çıxış etməyə imkan verir.
Bununla belə, Karrikin fəaliyyəti klub daxilində Ruben Amorim və Erik ten Haqın işindən daha müsbət qiymətləndirilib. Buna səbəb onun çətin vəziyyətlərdə soyuqqanlılığını qoruması və ötən mövsüm komandanı Çempionlar Liqasına qaytarmasıdır.
Lakin rəhbərlik Karrikin komandasının etibarlı taktiki sistemə malik olmadığı qənaətinə gəlib. Nəticədə seçim Maurisio Poçettinonun üzərində dayanıb.
Klub daxilində ten Haqla müqavilənin uzadılması da əsas səhvlərdən biri kimi qiymətləndirilib. Rəhbərlik hesab edir ki, niderlandlı mütəxəssis İngiltərə Kubokundakı qələbədən sonra istefaya göndərilməli, onun yerinə Tomas Tuxel və ya Roberto De Zerbi dəvət olunmalı idi.
“Mançester Yunayted”də Poçettinonun rəhbərliyi altında komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə apara biləcəyinə inanırlar.
