“Arsenal”ın yeni “Xviça”sı: gürcü istedad İngiltərəyə yollanır

29 Sentyabr 2026 04:11
92
“Arsenal”ın yeni “Xviça”sı: gürcü istedad İngiltərəyə yollanır

Xviça Kvaratsxeliyanın uğurlu çıxışından sonra Avropanın top-klubları gürcü futbolçuları daha yaxından izləməyə başlayıb. Andriya Bartişvili də Gürcüstan futbolunun növbəti böyük istedadı hesab olunur. Gənc futbolçu sentyabrda “Arsenal”la müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, 17 yaşlı Bartişvili Gürcüstan çempionatının əsas kəşflərindən biridir. Onun oyununda çeviklik və driblinq bacarığı xüsusilə diqqət çəkir. Gənc futbolçunun üslubu Xviça Kvaratsxeliya və Kenan Yıldızı xatırladır. O, müdafiəçilərlə mübarizədə cəsarətli qərarlar verməsi və fərdi oyunu ilə seçilir.

“Arsenal” uzun müddətdir sol cinah üçün keyfiyyətli futbolçu axtarır. London klubu daha əvvəl Vinisiusu heyətinə qatmaq istəsə də, bu transfer baş tutmayıb. Bartişvili isə “topçular”ın həmin mövqedəki yeni seçimi ola bilər.

Gürcü futbolçu 2027/28 mövsümündən tez “Arsenal”ın əsas komandasında oynaya bilməyəcək. Andriya hələ yetkinlik yaşına çatmadığı üçün yaxın müddətdə Gürcüstanda çıxışını davam etdirəcək. O, yerli “İberiya 1999”un heyətində artıq Çempionlar Liqası və Avropa Liqasının seçmə mərhələlərində oynayıb.

Barişvilinin Gürcüstan millisində debütü də uzaqda görünmür. O, hazırda gənclər, o cümlədən U-21 yığmasında çıxış edib.

“Arsenal” sentyabrın 11-də Bartişvili ilə “pre-contract agreement” – futbolçunun hüquqi cəhətdən mümkün olan kimi kluba qoşulmasını nəzərdə tutan razılaşma imzalayıb. Andriya 30 mart 2009-cu ildə anadan olub və növbəti çempionatın başlanğıcına qədər İngiltərədə oynamaq hüququ əldə edə biləcək.

Böyük ehtimalla, Bartişvili ilk mövsümlərində icarə əsasında başqa klublarda çıxış edəcək. “Arsenal” gənc futbolçu üçün 4,5 milyon avro ödəyəcək. Müqavilənin beş illik olması planlaşdırılır.

İnsayder Fabriziо Romano isə Bartişvili barədə yüksək fikirlər səsləndirib: “Gürcüstanda futbolu izləyənlər və bu sahəni anlayanlar deyirlər ki, Xviça Kvaratsxeliyadan sonra bu səviyyədə potensiala malik istedad görməyiblər. Bartişvili “Arsenal”ın vinger kimi inkişaf etməsi üçün doğru klub olduğuna inanır. Klubda həqiqətən istedadlı futbolçunun transferindən çox razıdırlar”.

İdman.Biz