Almaniyanın “Bavariya” futbol klubunun keçmiş baş həkimi Hans-Vilhelm Müller-Volfart Pep Qvardiola ilə bağlı sərt açıqlamalar verib.
İdman.Biz “Estadio Deportivo”ya istinadən xəbər verir ki, təcrübəli həkim xatirələrini qələmə aldığı kitabında Qvardiola ilə Münhen klubundakı əməkdaşlıq dövrünü yada salıb.
Müller-Volfartın sözlərinə görə, tərəflər arasında gərginlik Qvardiolanın “Bavariya”dakı ilk günlərindən başlayıb. O bildirib ki, ispaniyalı məşqçi zədəli futbolçuların bərpa müddəti ilə bağlı ona irad bildirib və bu, münasibətlərin korlanmasına səbəb olub.
“Düşünürəm ki, Pep Qvardiola özünəinamı aşağı olan insandır və başqalarını aldatmaq üçün əlindən gələni edir. Məncə, o, məğlubiyyətdən çox gücünü və nüfuzunu itirməkdən qorxur”, - deyə Müller-Volfart bildirib.
Həkim Qvardiolanın məşq metodlarını da tənqid edib. Onun iddiasına görə, 2012/13 mövsümündə “Bavariya”da cəmi üç əzələ zədəsi qeydə alınıb, Qvardiolanın gəlişindən sonra isə bu göstərici xeyli artıb.
Müller-Volfart tərəflər arasında mübahisələrdən birinin xüsusilə sərt keçdiyini də xatırladıb:
“Bu, müzakirə olmalı idi, amma qalmaqala çevrildi. Özümü itirdim, Qvardiolaya qışqırdım və masaya o qədər güclü vurdum ki, qablar titrədi. Həyatımda ilk dəfə kiməsə qışqırdım”.
Qeyd edək ki, Müller-Volfart 2015-ci ilin aprelində, demək olar 40 illik fəaliyyətdən sonra “Bavariya”dakı vəzifəsindən ayrılıb. O, 2017-ci ilin noyabrında yenidən kluba qayıdıb.
