Türkiyənin “Qalatasaray” klubu müdafiə xəttini gücləndirmək üçün “Liverpul”un niderlandlı futbolçusu Vircil van Deyki yenidən transfer siyahısına daxil edib.
İdman.Biz “Sporx”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq 35 yaşlı müdafiəçi üçün yanvar ayında İngiltərə klubuna təklif göndərməyi planlaşdırır.
Məlumata görə, “Liverpul”un Van Deyki qış transfer pəncərəsində buraxmaq istəməməsi halında “Qalatasaray” keçidi mövsümün sonuna saxlaya bilər. Futbolçunun müqaviləsi yayda başa çatacağı üçün İstanbul klubu yanvardan etibarən onunla növbəti mövsüm üçün danışıqlar aparmaq imkanı əldə edəcək.
Van Deyk cari mövsümdə “Liverpul”un keçirdiyi altı rəsmi matçın hamısında 90 dəqiqə meydanda olub. Niderlandlı müdafiəçinin fiziki durumunu qoruması və davamlı oyun praktikası “Qalatasaray”ın ona marağının əsas səbəblərindən biri kimi göstərilir.
