Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Okan Buruk “Fənərbağça” ilə derbidə komandasının yanında olmaya bilər.
İdman.Biz “Sporx”ə istinadən xəbər verir ki, “Trabzonspor”la oyunda qırmızı vərəqə alan və “idman prinsiplərinə zidd hərəkət”ə görə Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərilən mütəxəssisin 1-3 oyunluq cəza alacağı gözlənilir.
Mənbənin məlumatına görə, Okan Buruk üç oyunluq cəza alarsa, Super Liqanın doqquzuncu turunda keçiriləcək “Fənərbağça” derbisində komandanın başında ola bilməyəcək. “Qalatasaray” rəhbərliyi isə baş məşqçiyə bir oyunluq cəza verilməsini gözləyir.
Bir oyunluq sanksiya tətbiq olunacağı halda Buruk oktyabrın 9-da “Kasımpaşa” ilə görüşü buraxacaq.
Baş məşqçinin cəzalı olacağı təqdirdə “Qalatasaray”a onun köməkçisi İrfan Saraloğlu rəhbərlik edəcək. Saraloğlu ötən mövsüm Burukun cəzalı olduğu “Başakşehir”lə matçda komandanın başında olub və həmin görüş 3:0 hesabı ilə başa çatıb.
PFDK-nın yekun qərarının yaxın günlərdə açıqlanacağı gözlənilir.
