Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun Norveçə səfəri UEFA Millətlər Liqasının qarşıdakı oyunu öncəsi təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
İdman.Biz “Bold” nəşrinə istinadən xəbər verir ki, Norveç Futbol Federasiyası risk qiymətləndirilməsindən sonra həm Portuqaliya millisinin məşqi, həm də Norveçlə qarşılaşma zamanı təhlükəsizlik əməkdaşlarının sayını artırmaq qərarına gəlib.
Ronaldunun başçılıq etdiyi Portuqaliya yığmasının Osloya gəlişi böyük ajiotaj yaradıb. Yüzlərlə azarkeş komandanın qaldığı otelin və “Ullevaal” stadionunun qarşısına toplaşıb. Hətta şənbə günü keçirilən məşq ərəfəsində bəzi azarkeşlərin baryerləri keçməyə cəhd göstərdiyi, hadisə zamanı mühafizəçiyə hücum edildiyi də bildirilib.
Norveç Futbol Federasiyası bu cür vəziyyətlərlə əvvəllər də qarşılaşdıqlarını vurğulasa da, Ronaldunun statusuna görə əlavə tədbirlərin vacib olduğunu qeyd edib.
Norveç - Portuqaliya qarşılaşması bu gün “Ullevaal” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Ronaldu meydana çıxacağı təqdirdə karyerasında ilk dəfə bu stadionda oynayacaq.
