“Mançester Siti”nin sahibləri istefaya çağırıla bilər

26 Sentyabr 2026 19:13
56
“Mançester Siti”nin sahibləri istefaya çağırıla bilər

“Mançester Siti” futbol klubunun sahibləri və yüksək vəzifəli rəhbərləri Premyer Liqanın maliyyə işi üzrə qərardan sonra istefa çağırışları ilə üzləşə bilərlər.

İdman.Biz TalkSPORT-a istinadən xəbər verir ki, müstəqil komissiya “Mançester Siti”ni Premyer Liqa tərəfindən irəli sürülmüş 115 maliyyə pozuntusu ittihamının 114-ü üzrə təqsirli bilib.

Cəza hələ müəyyənləşdirilməyib. Klub isə ittihamları qəbul etmir və yekun qərardan sonra apellyasiya verəcəyi gözlənilir.

Mümkün sanksiyalar arasında böyük məbləğdə cərimə və xal silinməsi də ola bilər. Daha ağır ssenaridə hökumətin Müstəqil Futbol Tənzimləyicisinin prosesə cəlb olunması mümkündür.

Bundan başqa, “Mançester Yunayted”, “Arsenal”, “Tottenhem” və “Liverpul”un qərara cavab olaraq “Siti”yə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşdığı bildirilir.

Qeyd edək ki, “Mançester Siti”nin əsas sahibi Şeyx Mənsur bin Zayed Al Nəhyandır. O, BƏƏ-nin vitse-prezidenti və Əbu-Dabi hakim ailəsinin üzvüdür. Klubun səhmlərinin böyük hissəsi Şeyx Mənsurun tam sahibi olduğu "Newton Investment and Development" LLC-yə məxsusdur. “City Football Group”un təxminən 17%-lik hissəsi isə ABŞ-ın "Silver Lake" investisiya şirkətinə məxsusdur

İdman.Biz