Monteneqronun 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Nenad Vukçeviç Azərbaycan yığması üzərində 7:2 hesablı qələbədən sonra komandasının çıxışını dəyərləndirib.
İdman.Biz Monteneqro Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis Avropa çempionatının seçmə mərhələsinə belə başlamalarından razı qaldığını deyib:
“İlk hissədə əla oynadıq. Hücumda yaratdığımız imkanların demək olar hamısından istifadə etdik”.
Vukçeviç komandasının topa tam nəzarət etdiyini və kombinasiyalı oyun nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, fasilədən sonra tempi bilərəkdən azaldıblar. Baş məşqçi heyəti təzələmək üçün bir sıra əvəzetmələr etdiklərini, lakin bunun nəticəyə təsir göstərmədiyini vurğulayıb.
Mütəxəssis qarşılaşmanın yeganə mənfi tərəfi kimi futbolçularının aldığı sarı vərəqələri göstərib. O, növbəti görüşdə də xəbərdarlıq alacaq oyunçuların üçüncü turu buraxmaq təhlükəsi ilə üzləşə biləcəyini qeyd edib.
Noyabrın 11-də Serbiyanın paytaxtı Belqraddakı “Vojdovaç” stadionunda keçirilən qarşılaşma UEFA U-19 Avropa çempionatının B liqası üzrə ikinci seçmə mərhələsinin ilk turuna təsadüf edib.
Monteneqro ilk 27 dəqiqədə beş qol vurub və fasiləyə 6:1 hesablı üstünlüklə yollanıb. İkinci hissədə isə komandalar hərəyə bir dəfə fərqləniblər. Qalib komandanın heyətində Matija Yovanoviç və Vukota Knejeviç dubla imza atıblar.
Azərbaycan millisinin qollarını 31-ci dəqiqədə penaltidən Əli Əliyev, 79-cu dəqiqədə isə Məhəmməd Çodarov vurub.
U-19 millimiz növbəti görüşünü noyabrın 14-də meydan sahibi Serbiyaya qarşı keçirəcək. Pançevo şəhərindəki “Mladost” İdman Kompleksində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
