Ehtiyatdan meydana çıxdı, millimizə 21 dəqiqədə dörd qol vurdu

11 Noyabr 2026 19:48
60
Ehtiyatdan meydana çıxdı, millimizə 21 dəqiqədə dörd qol vurdu

Almaniyanın U-17 millisinin futbolçusu Bastian Assomo Azərbaycan yığmasına qarşı keçirilən oyunda əvəzetmədən meydana daxil olaraq dörd qol vurub.

İdman.Biz xəbər verir ki, noyabrın 11-də Frankfurt şəhərindəki “DFB Kampus”da keçirilən qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa çempionatının birinci seçmə mərhələsinin ilk turuna aid görüşündə Almaniya komandası ilk dəqiqələrdən hücumda fəal olub və erkən pressinqlə millimizi təzyiq altında saxlayıb.

Hesabı 14-cü dəqiqədə Milo Barde açıb. Roko Siqların 33-cü dəqiqədə vurduğu qolla meydan sahibləri fasiləyə iki top üstünlüklə yollanıblar. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə isə Linus Güter fərqi üç topa çatdırıb.

Bundan sonra qarşılaşmanın əsas qəhrəmanı Assomo olub. Əvəzetmədən meydana daxil olan futbolçu 21 dəqiqə ərzində dörd dəfə fərqlənərək hesabı 7:0-a çatdırıb.

Almaniya Futbol İttifaqının açıqladığı statistikada meydan sahiblərinin qarşılaşma boyu üstün oynadığı, Azərbaycan millisinin isə rəqib qapısına zərbə vurmadığı da qeyd olunub.

Assomo klub səviyyəsində “Bavariya”nı təmsil edir. O, 2025-ci ilin yayında “Herta”dan Münhen klubuna keçib.

Azərbaycanın U-17 millisi seçmə mərhələdə növbəti oyununu noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirəcək. Həmin qarşılaşma da Frankfurtdakı “DFB Kampus”da baş tutacaq.

İdman.Biz