Niderland millisinin müdafiəçisi Denzel Dumfris Millətlər Liqasının birinci turunda Almaniya ilə 1:1 hesablı heç-heçə etdikləri matçda Coşua Kimmixin hərəkətindən narazı qalıb.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, Dumfris Kimmixi Niderland futbolçusunun zədələnməsinə görə Almaniya millisinin qolundan əvvəl oyunu saxlamadığına görə qınayıb.
“Sol vinger Amiri oyunu saxlayacaqmış kimi mənə baxdı. O, pası Kimmixə ötürdü. Biz Kimmixi tanıyırıq. Dünya səviyyəli oyunçudur, amma onun hiylələrini bilirik. O, oyunu davam etdirdi və onlar qol vurdular. Bizim başımıza belə şey gəlməməli idi, yəqin ki, biz də eyni cür etməli idik. Söhbət etmək üçün ona tərəf yaxınlaşdım. Hər halda, bunun tam doğru olmadığı hissi qalır”, – deyə Dumfris bildirib.
