İngiltərə Premyer Liqasında çıxış edən “Sanderlend”in futbolçusu Qranit Caka COVID-19 vaksinasiyası ilə bağlı araşdırmaya cəlb olunub.
İdman.Biz xəbər verir ki, İsveçrə millisinin kapitanı 2022-ci ildə COVID-19 vaksini vurdurmadığı halda vaksinasiya sertifikatı aldığını etiraf edib.
Caka bildirib ki, həmin vaxt vaksinə qarşı qorxusu və şübhələri olub. O, sertifikat əldə etməsini səhv adlandırıb və buna görə üzr istəyib.
Futbolçu həmçinin məsələ ilə bağlı aparılan araşdırmada səlahiyyətli orqanlarla tam əməkdaşlıq etdiyini vurğulayıb.
Hazırda İsveçrənin Luzern kantonunun prokurorluğu hadisə ilə bağlı araşdırma aparır. Cakanın oktyabrın əvvəlində dindirilməsi gözlənilir.
İsveçrə qanunvericiliyinə əsasən, sənədlərin saxtalaşdırılması ilə bağlı təqsir sübuta yetirilərsə, beş ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Lakin bu, Cakanın mütləq həbs ediləcəyi anlamına gəlmir. İş üzrə hələ yekun qərar verilməyib.
Qeyd edək ki, 33 yaşlı Caka bu mövsüm İngiltərənin “Sanderlend” klubunda çıxış edir.
