Mourinyo hakimliyə üsyan etdi: “Bizə sadəcə yarışmağa imkan verin”

20 Sentyabr 2026 23:26
84
Mourinyo hakimliyə üsyan etdi: “Bizə sadəcə yarışmağa imkan verin”

İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Joze Mourinyo “Atletiko” ilə (2:1) qarşılaşmadan sonra komandasının oyunundan razı qaldığını bildirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçularının sona qədər mübarizə apardığını vurğulayıb.

“Futbolçularımı qucaqlamaq istəyirəm, çünki onlar yüz faiz güclərini ortaya qoydular. Birinci hissədə çox yüksək səviyyədə oynadıq. İkinci hissədə isə qırmızı vərəqədən sonra işimiz çətinləşdi”, - deyə baş məşqçi bildirib.

Mourinyo VAR hakimi Truxilyonun Li Kan İnın qırmızı vərəqəyə səbəb ola biləcək qayda pozuntusunu baş hakimə izlətməməsini də tənqid edib:

“Cənab Truxilyonun “Real Madrid”lə çox qəribə tarixçəsi var. Ötən mövsümə baxın, “Real Madrid”ə qarşı neçə oyunda... Yazıq hakim Ortis. Belə oyunlarda təzyiqin öhdəsindən gələ bilmədiyi açıq görünür. Adətən hakimlər oyunun keçiriləcəyi həftə təyin olunur. Sonra isə belə bir kombinasiya seçilir: “Real”a qarşı qəribə tarixçəsi olan VAR hakimi, zəif və təcrübəsiz hakimlər briqadası. Çox qəribə kombinasiyadır”.

Mourinyo La Liqada vəziyyətin illər əvvəlkindən dəyişmədiyini də deyib:

“Normal şəraitdə deyərdim ki, təslim olmaq olmaz, hələ sentyabrdır və qarşıda çox şey var. Amma bu, normal vəziyyət deyil. Bu barədə dərinə getmək istəmirəm, amma hər şey çox qəribədir. La Liqaya qayıdanda ümid edirdim ki, 2013-cü ildə getdiyim vaxtdan fərqli vəziyyət görəcəyəm. Təəssüf ki, hər şey əvvəlki kimidir”.

Portuqaliyalı mütəxəssis hakimlərdən yalnız bir şey istədiyini bildirib:

“Mən hakimlərdən və Hakimlər Komitəsindən yalnız bizə yarışmağa imkan vermələrini istəyirəm. Başqa heç nə. Əgər mübarizə aparmağa imkan versələr, La Liqanı qazanmaq üçün hələ də ümidimiz var”.

Mourinyo sonda futbolçularını yenidən müdafiə edib:

“Bu gün oyunçularımı heç nədə günahlandırmıram. Onlar hər şeylərini verdilər. Ac, mübariz və qərarlı idilər, sona qədər döyüşdülər. Onlarla fəxr edirəm”.

İdman.Biz