“İnter Mayami”nin baş məşqçisi Kili Qonsales komandanın futbolçusu Lionel Messinin fikirlərini dinlədiyini etiraf edib.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis belə səviyyəli futbolçunun təcrübəsinin komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“Komandanda belə səviyyəli, bir çox əla futbolçularla oynamış oyunçu olanda qulaq asırsan. Sadəcə olaraq, qulaq asmağa borclusan. Belə kalibrli oyunçuların rəyləri komanda üçün olduqca vacibdir”, – deyə Qonsales bildirib.
Cari mövsümdə 39 yaşlı Messi “İnter Mayami”nin heyətində bütün turnirlərdə 27 matç keçirib, 23 qol vurub və 14 məhsuldar ötürmə edib.
Argentinalının Amerika klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.
