İspaniyanın Kataloniya bölgəsində keçirilən futbol matçı irqçi təhqirlər və fiziki qarşıdurma səbəbindən yarımçıq dayandırılıb.
İdman.Biz xəbər verir ki, hadisə Kataloniyanın üçüncü regional liqasının beşinci qrupunda “Lliça de Vall” və “PBB La Roca” komandaları arasında keçirilən görüşdə baş verib.
Qonaq komandanın futbolçusu Məhəmməd Əl-Cəlluli tribunadan irqçi təhqirlərə məruz qalıb. Qarşılaşmada iki qol vuran futbolçu komandasının hesabı 2:2-yə çatdırmasını təmin edib.
İkinci qoldan əvvəl hakim irqçilik əleyhinə protokola uyğun olaraq oyunu dayandırıb. Lakin daha sonra qarşılaşmanın davam etdirilməsinə qərar verilib.
Bərabərlik qolunu vuran Əl-Cəlluli onu təhqir edən azarkeşlərin olduğu tribunaya yaxınlaşaraq qolunu qeyd edib. Təhqirlərin davam etməsi futbolçunun sərt reaksiyasına səbəb olub. O, azarkeşlərdən birinə kəllə zərbəsi endirib.
Hakim futbolçuya qırmızı vərəqə göstərib. Qarşılaşma 85-ci dəqiqədə, hesab 2:2 olarkən dayandırılıb.
Hadisədən sonra hər iki komanda rəsmi açıqlama yayıb.
“PBB La Roca” irqçi təhqirləri qətiyyətlə pisləyərək futbolçusunu müdafiə edəcəyini bildirib. Klub Əl-Cəllulinin hərəkətini düzgün hesab etməsə də, bunun təhqir və ayrı-seçkilik şəraitində baş verdiyini vurğulayıb.
“Lliça de Vall” isə irqçiliyin bütün formalarını pisləməklə yanaşı, futbolçunun azarkeşə fiziki hücumunu da qəbuledilməz adlandırıb. Klubun mövqeyinə görə, əvvəlki təxribatlar zorakılığa haqq qazandırmır.
Qeyd edək ki, Kataloniyanın digər regional liqa qarşılaşmasında da insident qeydə alınıb. “Malqrat” - “Sant Sebria 2021” oyunu 44-cü dəqiqədə hakimin başına top dəyməsindən sonra dayandırılıb. Hakim başgicəllənməsi yaşadığını və təhlükəsizliyindən narahat olduğunu bildirib.
