Norveçin “Vikinq” futbol klubunun baş məşqçisi Byarte Lunde Orsheym komandasının “Sabah”la UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunun oyunöncəsi hazırlığından danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis əvvəl noyabrın 4-də Stavanger şəhərində keçiriləcək qarşılaşma ərəfəsində təşkil olunan mətbuat konfransında komandasının ötən həftəsonu “Budyo-Qlimt”lə oyununda yaşanan məşqçilər münaqişəsinin futbolçulara təsir etmədiyini deyib.
Xatırladaq ki, Norveç çempionatının son turunda “Budyo-Qlimt”lə “Vikinq” arasında keçirilən və meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatan matçda hər iki komandanın baş məşqçisi - Morten Yensen və Ketil Knutsen mübahisə səbəbindən qırmızı vərəqə alıblar.
Orsheym hadisədən sonra komandanın normal qaydada hazırlaşdığını bildirib:
“Düşünürəm ki, adi iş rejimimizi qoruyub saxlaya bildik. Komandanın daxilində və futbolçuların ətrafında hər şey əvvəlki qaydada davam etdi. Həmişə etdiyimiz hazırlıq prosesini həyata keçirdik”.
O, kollektivdə növbəti oyuna köklənmək ənənəsinin olduğunu vurğulayıb:
“Bu hadisə bizə heç bir şəkildə mane olmayıb”.
Orsheym qalmaqalın həm Norveçdə, həm də beynəlxalq mediada geniş işıqlandırılmasına da münasibət bildirib. Onun sözlərinə görə, bu, Norveç futbolu üçün müsbət hal olsa da, diqqətin daha çox meydandakı oyuna yönəlməsini istərdi.
Mütəxəssis doğma meydanda oynamağın üstünlüyündən yararlanaraq qələbə qazanmaq istədiklərini bildirib:
“Bizi “Sabah”a qarşı çətin və maraqlı oyun gözləyir. Azarkeşlərimizin dəstəyinə və stadionda yaradacaqları atmosferə güvənirik. Komandada əhval-ruhiyyə yüksəkdir, zədəli futbolçularımız da sıraya qayıdır. İnanırıq ki, bu görüşdə üç xal qazanacağıq”.
O, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın həyat hekayəsinin də diqqətçəkən olduğunu vurğulayıb:
“Dambrauskas qazandığı mükafatı məşqçilik təhsilinə sərf edib və bu yolla karyerasında irəliləyib. Bu, həqiqətən maraqlı hekayədir”.
Qeyd edək ki, “Vikinq” - “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
