İtaliyanın “Yuventus” futbol komandasında baş məşqçi məsələsi yenidən gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, “Tuttosport” Turin klubunda Antonio Konte və hazırkı baş məşqçi Luçano Spalletti ilə bağlı bir neçə əsas məqamı açıqlayıb.
Mənbənin məlumatına görə, “Yuventus” son dövrdə Konte ilə nə birbaşa, nə də vasitəçilər üzərindən əlaqə saxlayıb. Tərəflər sonuncu dəfə 2025-ci ilin iyununda danışıb. Həmin vaxt italiyalı mütəxəssis İqor Tudorun yerinə keçmək variantını nəzərdən keçirsə də, daha sonra Aurelio De Laurentislə razılığa gəlib.
Hazırda komanda çalışdırmayan Kontenin yenidən məşqçiliyə qayıtmaq istədiyi bildirilir. “Yuventus”a dönüş də onun gələcək variantlarından biri hesab olunur. Lakin nə Konte klub rəhbərliyinə müraciət edib, nə də Turin təmsilçisi onunla danışıqlara başlayıb.
“Yuventus” rəhbərliyinin hazırkı planı isə Spalletti ilə mövsümü davam etdirməkdir. Son iki ildə dörd baş məşqçi dəyişən klub növbəti dəfə tələsik qərar vermək istəmir.
Bildirilir ki, bir məğlubiyyət Spallettinin gələcəyini təhlükə altına salmayacaq. Baş məşqçi dəyişikliyinin gündəmə gəlməsi üçün ardıcıl uğursuz nəticələr və komanda daxilində vəziyyətin ciddi şəkildə nəzarətdən çıxması tələb olunur.
Mənbə “Yuventus”un əsas problemlərindən birinin komanda xarakteri və sabitlik olduğunu da vurğulayıb. Antonio Kontenin adının yenidən gündəmə gəlməsinin səbəblərindən biri onun əvvəllər komandaya qazandırdığı mübariz ruhu ilə əlaqələndirilir.
Avropa Liqası da Turin klubu üçün xüsusi əhəmiyyət daşıyır. “Tuttosport” hesab edir ki, “Yuventus” hazırkı heyətlə bu turnirdə titul uğrunda mübarizə apara bilər.
Beləliklə, hazırda Konte ilə real danışıqlar yoxdur, Spallettiyə etimad davam edir və əsas məqsəd komandanın sabitliyini və əvvəlki xarakterini bərpa etməkdir.
