Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştianu Ronaldu “Əl-Taavun” azarkeşlərinin “Əl-Hilal”la oyun zamanı davranışını sərt tənqid edib.
İdman.Biz “The Touchline”a istinadən xəbər verir ki, bəzi “Əl-Taavun” azarkeşləri ötən yay avtomobil qəzasında həyatını itirən Diogo Jotanın adını səsləndiriblər. Bununla onlar Jotanın yaxın dostu olan “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Nevesə psixoloji təzyiq göstərməyə çalışıblar.
Ronaldu hadisəyə münasibət bildirərək liqa rəhbərliyini sərt addım atmağa çağırıb:
“Liqa reaksiya verməli və azarkeşləri belə davranışa görə cəzalandırmalıdır. Bu artıq futbol deyil, müəyyən sərhədlər olmalıdır. Belə hərəkət edən insanlar bir daha stadiona buraxılmamalıdır”.
Portuqaliyalı futbolçu Jota ilə milli komandada birgə çıxış edib.
Qeyd edək ki, Neves də azarkeşlərin hərəkətinə emosional reaksiya verib. O, əvvəlcə gözünə, daha sonra göyə işarə edib və oyundan sonra rəqib azarkeşlərin davranışını tənqid edib.
