İspaniyanın “Barselona” futbol komandası yarımmüdafiəçisi Fermin Lopesin “Vilyarreal”la qarşılaşmada meydandan kənarlaşdırılmasına etiraz etmək niyyətindədir. Futbolçunu iki oyunluq diskvalifikasiya təhlükəsi gözləyir.
İdman.Biz SPORT nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi futbolçuya göstərilən qırmızı vərəqənin ləğvinə çalışacaq.
Hadisə La Liqanın 13-cü turunda “Barselona”nın “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub etdiyi oyunun 74-cü dəqiqəsində baş verib.
Artıq əvəzlənərək ehtiyat oyunçular skamyasında əyləşən Lopes rəqib komandanın penalti tələbi ilə bağlı epizoda emosional reaksiya verib.
Baş hakim Alexandro Ernandes Ernandesin protokolunda futbolçunun yerindən qalxaraq dördüncü hakimə yaxınlaşdığı və yüksək səslə etiraz etdiyi göstərilib. Lopesin təkrarən nalayiq ifadə işlətdiyi də qeyd olunub.
Maraqlıdır ki, qırmızı vərəqənin göstərilməsi televiziya yayımında əksini tapmayıb. Hakim qərarını verərkən futbolçu artıq paltardəyişmə otağına doğru gedirmiş.
“Barselona” rəhbərliyi isə yarımmüdafiəçinin hakimlər briqadasını təhqir etmədiyini düşünür. Komandanın mövqeyinə görə, onun reaksiyası qarşılaşmanın gərgin keçməsi fonunda qiymətləndirilməlidir.
