İtaliyanın “Latsio” futbol komandasının baş məşqçisi Cennaro Qattuzo klubun idman direktoru Ancelo Fabianinin açıqlamasına münasibət bildirib.
İdman.Biz “Corriere dello Sport”a istinadən xəbər verir ki, Qattuzo “Milan”la 2:2 hesabı ilə başa çatan oyundan sonra Fabianinin “minimum hədəf Avropaya qayıtmaqdır” fikrinə etiraz edib.
“Bu, polemika deyil və razı olub-olmadığımı demirəm. Amma üzərimizdə onsuz da kifayət qədər təzyiq var. Hazırkı şəraitdə oynamaq asan deyil. Məncə, direktorun minimum hədəfin Avropa olduğunu deməsi düzgün deyil”, - deyə Qattuzo bildirib.
Mütəxəssis məsuliyyətdən qaçmadığını, lakin komandanın indiki mərhələdə hər oyuna ayrıca yanaşmasının daha doğru olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropaya vəsiqəni minimum məqsəd kimi təqdim etmək reallığı tam əks etdirmir və komandaya əlavə təzyiq yaradır.
Qattuzo “Milan”la qarşılaşmanı da dəyərləndirib. O, komandasının ikinci hissədə geri çəkildiyini, iki dəqiqə ərzində iki qol buraxmasına baxmayaraq, oyundan qopmadığını və futbolçuların xarakter göstərdiyini qeyd edib.
Qeyd edək ki, “Latsio” ilk oyunlardan sonra 10 xal toplayıb və “Milan”la görüşdən sonra ən azı bir gecəlik turnir cədvəlinin lideri olub.
