“Fənərbağça”nın azarkeş liderinə sui-qəsd hazırlığı: 5 nəfər saxlanılıb - FOTO

2 Noyabr 2026 03:21
99
“Fənərbağça”nın azarkeş liderinə sui-qəsd hazırlığı: 5 nəfər saxlanılıb - FOTO

Türkiyənin “Fənərbağça” futbol komandasının “Gənc Fənərbağçalılar” (GFB) azarkeş qrupunun lideri Cem Gölbaşına qarşı silahlı hücum hazırlığı ilə bağlı İstanbulda əməliyyat keçirilib.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, ictimaiyyət arasında “Daltonlar” adı ilə tanınan cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinən beş nəfər saxlanılıb.

İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətlərlə Mübarizə üzrə İstintaq Bürosunun koordinasiyası ilə aparılan araşdırma zamanı Cem Gölbaşına qarşı silahlı hücum hazırlığı barədə məlumat əldə edilib.

Müəyyən olunub ki, hücumda iştirak etməkdə şübhəli bilinən şəxslər Türkiyənin müxtəlif şəhərlərindən İstanbula gəliblər. Polis onların qaldıqları ünvanları müəyyənləşdirərək əməliyyata başlayıb.

Araşdırmalar nəticəsində şübhəlilərin İstanbulun Esenyurt rayonundakı gizli mənzildə qaldıqları müəyyən edilib.

Qaziantepdən İstanbula gələn üç şübhəlinin İbrahim Ç. ilə eyni ünvanda olduğu aşkarlanıb. Keçirilən əməliyyat zamanı İbrahim Ç., Cihan Can G., Abdulkadir D. və Orhan B. saxlanılıb.

İstintaqın davamında hücumda istifadə edilməsi planlaşdırılan silahların təmin olunmasında rol oynadığı müəyyən edilən Çınar A. da tutulub. Bununla da saxlanılanların sayı beşə çatıb.

Əməliyyat zamanı aparılan axtarışlarda bir uzunlüləli avtomatik tüfəng, iki tapança, iki uzadılmış daraq və 200 patron aşkar edilərək götürülüb.

Ələ keçirilən silah və döyüş sursatları istintaq çərçivəsində ekspertizaya göndərilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma davam edir. Saxlanılan şəxslərin hücum planında iştirakına dair şübhələr istintaqın predmetidir.

İdman.Biz