İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq

12 Sentyabr 2026 19:25
83
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq

FIFA-nın prezidenti Canni İnfantino qurum rəhbərinin növbəti seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, İnfantino “The Touchline” nəşrinə açıqlamasında seçkidə iştirakını təsdiqləyib.

“Əlbəttə, mən gələn il keçiriləcək seçkilərdə namizəd olacağam. Mənim proqramım və ya, əgər istəyirsinizsə, şüarım çox sadə, lakin eyni zamanda çox dəqiqdir: “Futbol bütün dünyada hər kəsə məxsusdur”. Biz buna çalışırıq. Mən buna çalışıram. FIFA olaraq biz buna nail olmağa çalışırıq”, – deyə İnfantino bildirib.

Qeyd edək ki, daha əvvəl FIFA-nın dünya çempionatının yayım hüquqlarının satışı məqsədilə yeni kommersiya strukturu – “FIFA Forward Enterprise” (FFE) yaratmağı planlaşdırdığı məlum olub. Bu təşəbbüs futbol konfederasiyalarının tənqidinə səbəb olub və İnfantino sonradan bu fikirdən imtina edib.

Bundan sonra bəzi Avropa futbol federasiyaları 2027-ci ilin martında keçiriləcək FİFA prezident seçkilərində İnfantinonun namizədliyinə dəstəklərini geri götürüblər.

İdman.Biz