Eto'O Rusiyaya qarşı oyunun vəsaitlərini mənimsəməsi ittihamlarına cavab verdi

11 Sentyabr 2026 23:43
67
Eto'O Rusiyaya qarşı oyunun vəsaitlərini mənimsəməsi ittihamlarına cavab verdi

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O 2023-cü ildə Rusiya və Kamerun yığmaları arasında keçirilmiş yoldaşlıq oyunu üçün ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı ittihamlara münasibət bildirib.

İdman.Biz xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ittihamların arxasında siyasi motivlərin dayandığını iddia edib.

“Mən sadəcə bizim maraqlarımızı, Afrikanın maraqlarını müdafiə etməyə başlayan kimi, onların hamısı dərhal fəallıq göstərdilər.

Sifariş edilmiş kimi həmin eyni hücumlar, həmin eyni tezislər, demək olar ki, eyni vaxtda onların muzdlu jurnalistləri tərəfindən yayılmağa başlandı.

Əgər kiminsə danışdıqlarımızın reallığı ilə bağlı hələ də şübhələri qalırdısa, baxın, sizə daha bir əyani nümunə.

Bizə daim demokratiya öyrədənlər, görünür, hər hansı bir afrikalının sərbəst şəkildə fikir bildirməsini, öz əqidəsini müdafiə etməsini və susmaqdan imtina etməsini daha pis qəbul edirlər.

Bizim danışmaq hüququmuz var. Bizim maraqlarımızı müdafiə etmək hüququmuz var. Futbolumuzun mənafeyi naminə düşünmək və qərarlar qəbul etmək hüququmuz var”, – deyə Eto'O bildirib.

Qeyd edək ki, daha əvvəl Kamerun Futbol Federasiyasının keçmiş rəhbərləri Eto'Onu 2023-cü ildə Rusiya ilə keçirilən yoldaşlıq oyunundan daxil olan 500 min avrodan çox vəsaiti təyinatı üzrə xərcləməməkdə ittiham edib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 12-də keçirilən qarşılaşmada Rusiya yığması Kamerunu 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz