“Liverpul”un sabiq kapitanı Stiven Cerrard “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemin çıxışını yüksək qiymətləndirib. O, ingiltərəli futbolçunun Zinəddin Zidanın qol göstəricisini geridə qoymasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Cerrard “The Overlap” verilişində Bellinqemin Madrid klubunda 50 qol həddinə çatmasını xüsusi vurğulayıb.
“Oxudum ki, Cud Bellinqem “Real Madrid”də 50 qolu Zinəddin Zidandan daha tez vurub. Möhtəşəmdir! Təkcə bu fakt Cudun hansı səviyyədə olduğunu göstərir. Zidan mənim sevimli futbolçumdur. Cud da beş nömrəli formanı geyinir və “Real Madrid”də ardıcıl olaraq yüksək səviyyəli oyun nümayiş etdirir”, - deyə Cerrard bildirib.
Bellinqem bu göstəriciyə “Rasinq Santander” üzərində 3:0 hesablı qələbə zamanı çatıb. O, Madrid klubunda 154 oyunda 50 qol vurub. Zidan isə 227 qarşılaşmada 49 dəfə fərqlənmişdi.
Cerrard futbolçunun xarakterini də yüksək qiymətləndirib:
“Bellinqemi bir futbolçu kimi çox sevirəm. Onun qələbə aclığı və rəqabət ruhu xoşuma gəlir. Dünya çempionatında möhtəşəm idi”.
Sabiq yarımmüdafiəçi Bellinqemin dünyanın ən yaxşı futbolçuları sırasında yer aldığını düşünür:
“Baş məşqçi olsaydım, Bellinqemi dünyanın ən yaxşı 11-liyinə daxil edərdim. Onu bu qədər yüksək qiymətləndirirəm. “Qızıl top” sıralamasında 11-ci olmasına inana bilmirəm. İlk onluqda olacağını düşünürdüm”.
Qeyd edək ki, 23 yaşlı Bellinqem 2026-cı ilin FIFPRO tərəfindən müəyyənləşdiriləcək rəmzi komandasına namizədlər sırasındadır. Yekun heyət noyabrın 9-da açıqlanacaq.
