Messinin İspaniyada ikinci klub alması hüquqi mübahisə yaradıb

10 Sentyabr 2026 18:13
64
Messinin İspaniyada ikinci klub alması hüquqi mübahisə yaradıb

Argentina futbol millisinin sabiq kapitanı Lionel Messi İspaniyada daha bir klubun sahibi olması bəzi suallar yaradıb.

İdman.Biz xəbər verir ki, argentinalı ulduzun dünən İspaniya İkinci Liqasında - Sequndada çıxış edən “Eldense” futbol klubunu alması barədə məlumat yayılıb. Messi bu ilin aprelində İspaniyanın beşinci liqasında çıxış edən “Kornelya”nı da alıb.

Bu vəziyyət bir şəxsin eyni ölkədə iki futbol klubuna sahib olmasının qanuniliyi ilə bağlı suallar yaradıb.

“Himnus Football Lawyers” şirkətinin baş direktoru Toni Roka bildirib ki, İspaniya qanunvericiliyi bir şəxsin birdən çox klubda pay sahibi olmasına ümumilikdə icazə verir. Lakin eyni peşəkar yarışda çıxış edən iki klubda əhəmiyyətli paya və ya faktiki nəzarətə sahib olmaq qadağandır.

İspaniyanın İdman Qanununa əsasən, peşəkar klubda səsvermə hüquqlarının ən azı beş faizinə sahib olmaq “əhəmiyyətli iştirak” hesab edilir. Pay 25 faizə çatdıqda və ya bu həddi keçdikdə isə əməliyyat üçün İspaniya Ali İdman Şurasının - CSD-nin əvvəlcədən icazəsi tələb olunur.

Hazırda Messi üçün birbaşa hüquqi problem yoxdur. Buna səbəb “Eldense”nin peşəkar liqada, “Kornelya”nın isə qeyri-peşəkar beşinci liqada çıxış etməsidir. Lakin gələcəkdə hər iki klub eyni peşəkar yarışda mübarizə aparsa, Messi klublardan birindəki payını satmalı və ya nəzarəti qanunda nəzərdə tutulan həddən aşağı salmalı ola bilər.

Qeyd edək ki, “Eldense”nin alınması rəsmiləşdikdən sonra Messinin klubu Kriştianu Ronaldunun “Almeriya”sı ilə də rəqabət aparacaq.

İdman.Biz