Braziliyanın “Santos” futbol klubu hücumçu Neymarın bəyəndiyi “Flamenqo”nun oyunçusu Everton Soaresin transferi uğrunda mübarizəyə qoşulub.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Pablo Rua məlumat verib.
Onun sözlərinə görə, 30 yaşlı futbolçunun Rusiyanın “Krasnodar” klubuna keçidi razılaşdırılsa da, “Santos” onun transferi üçün qətiyyətli addımlar atıb. Braziliya klubları arasındakı yaxşı münasibətlərin Evertonun transferinə kömək edə biləcəyi vurğulanır.
Cari mövsümdə Everton bütün turnirlərdə 28 matçda iştirak edib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun “Flamenqo” ilə müqaviləsi 2026-cı ilin sonuna kimidir.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 7 milyon avrodur (təxminən 13,8 milyon manat).
