“Mançester Yunayted”in kapitanı ehtiyata göndərilib

25 Oktyabr 2026 16:33
114
“Mançester Yunayted”in kapitanı ehtiyata göndərilib

İngiltərənin “Mançester Yunayted” futbol komandasının kapitanı Brunu Fernandeş Premyer Liqanın səkkizinci turunda “Bornmut”la keçiriləcək qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.

İdman.Biz xəbər verir ki, baş məşqçi Maykl Karrik portuqaliyalı yarımmüdafiəçini start heyətindən kənarda saxlamaq qərarına gəlib.

Bu qərar futbolçunun Çempionlar Liqasında İtaliyanın “Komo” komandasına 1:4 hesablı məğlubiyyətdən sonra baş məşqçinin taktikasını açıq şəkildə tənqid etməsinin ardınca verilib.

Fernandeş həmin qarşılaşmadan sonra komandasının müdafiə olunmaq üsulundan narazılığını bildirib. O, rəqibə həddindən artıq sərbəstlik verildiyini və daha cəsarətli oyun nümayiş etdirməyin vacibliyini vurğulayıb.

“Bəzən təzyiq altında daha cəsarətli olmalı, risk edərək yüksək pressinq tətbiq etməli və rəqibi çətin vəziyyətə salmalıyıq”, - deyə futbolçu bildirib.

Karrik isə tənqidlərə cavab olaraq taktiki sistemdən asılı olmayaraq futbolçuların meydanda kifayət qədər mübarizə aparmalı olduqlarını vurğulayıb.

Məlumata görə, Fernandeş cümə və şənbə günləri komanda ilə məşqlərdə iştirak edib. Buna görə onun ehtiyatda saxlanılması zədə ilə deyil, məşqçinin qərarı ilə əlaqələndirilir.

Bu, portuqaliyalı yarımmüdafiəçinin cari mövsümdə Premyer Liqa matçına ilk dəfə start heyətindən kənarda başlaması olacaq.

Qeyd edək ki, “Mançester Yunayted” bütün turnirlərdə keçirdiyi son yeddi qarşılaşmada qələbə qazana bilməyib. Uğursuz nəticələr Maykl Kerrikin klubdakı gələcəyini sual altına qoyub.

Bu baxımdan “Bornmut”la görüş baş məşqçinin gələcəyi üçün həlledici əhəmiyyət daşıya bilər.

İdman.Biz