Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası üzə çıxıb

25 Oktyabr 2026 15:38
113
Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası üzə çıxıb

İspaniyanın “Barselona” futbol komandasının sabiq baş məşqçisi Xosep Qvardiolanın Joze Mourinyo ilə 2011-ci ildə yaşadığı qalmaqalın yeni detalları məlum olub.

İdman.Biz xəbər verir ki, Kataloniya klubunun 2011-2014-cü illərdə kommunikasiya direktoru vəzifəsində çalışan Xavyer Martin həmin dövrdə baş verən hadisələr barədə “Sport” nəşrinə danışıb.

Hadisə 2011-ci ilin aprelində, “Real Madrid” və “Barselona” arasında Çempionlar Liqasının yarımfinal qarşılaşması ərəfəsində yaşanıb.

Mourinyo mətbuat konfransında Qvardiolanı hakimlərin təkcə səhv deyil, düzgün qərarlarına da etiraz etməkdə ittiham edib. Portuqaliyalı mütəxəssisin sözləri Kataloniya təmsilçisinin baş məşqçisini sərt cavab verməyə vadar edib.

Qvardiola növbəti mətbuat konfransında Mourinyoya müraciət edərək bunları deyib:

“Mourinyo mənə Pep deməyi özünə rəva bildiyinə görə mən də ona Joze deyəcəyəm. Bu zalda o, hər şeyin sahibidir, əsas adamdır. Dünyanın ən ağıllı insanıdır. Onunla bir an belə rəqabət aparmaq istəmirəm”.

Xavyer Martinin sözlərinə görə, Qvardiolanın bu çıxışı təsadüfi olmayıb və məqsəd Mourinyonun psixoloji təzyiqinə son qoymaq idi.

“Bu, təhqir deyildi. Qvardiola sadəcə olaraq artıq bəsdir demək istəyirdi. Həmin mətbuat konfransı onların rəqabətini tam əks etdirirdi. Biri meydanda qalib gəlmək istəyirdi, digəri isə mübarizənin meydandan kənarda da aparıldığını başa düşürdü”, - deyə Martin bildirib.

Sabiq klub rəsmisi Qvardiolanın Mourinyoya cavab vermək qərarının əvvəlcədən düşünüldüyünü vurğulayıb.

“Pep susqunluğunu pozmalı olduğunu bilirdi və həmin ifadə ilə buna nail oldu. Jozenin meydandan kənarda hər şeyin sahibi olduğunu, meydanda isə kimin üstün gələcəyinin hələ məlum olmadığını söyləməklə ertəsi gün üçün mövqeyimizi ortaya qoyurduq”, - deyə o əlavə edib.

Martinin sözlərinə görə, Qvardiolanın cavabı komandaya da müsbət təsir göstərib.

“Meydanda isə həmişə olduğu kimi, Messi danışdı”, - deyə sabiq direktor fikrini tamamlayıb.

Qeyd edək ki, həmin qarşılaşmada “Barselona” səfərdə “Real Madrid”ə Lionel Messinin vurduğu iki qolla 2:0 hesabı ilə qalib gəlib. Cavab görüşündə qeydə alınan 1:1 hesablı heç-heçə Kataloniya təmsilçisini finala yüksəldib.

“Barselona” daha sonra həlledici görüşdə “Mançester Yunayted”i məğlub edərək Çempionlar Liqasının qalibi olub.

İdman.Biz