Neymar bir gündə iki qalmaqalın mərkəzində: qırmızı vərəqə və siyasət - VİDEO

25 Oktyabr 2026 12:57
113
Neymar bir gündə iki qalmaqalın mərkəzində: qırmızı vərəqə və siyasət - VİDEO

Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymar eyni gündə iki fərqli qalmaqalın mərkəzində yer alıb.

İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu ölkə çempionatında qeyri-adi səbəbdən meydandan qovulub, eyni zamanda sosial şəbəkədə paylaşdığı siyasi məzmunlu video ilə müzakirələrə səbəb olub.

Braziliya A Seriyasının 32-ci turunda “Santos” və “Baiya” komandaları 1:1 hesablı heç-heçə ediblər. Lakin qarşılaşmanın əsas müzakirə mövzusu Neymarın qırmızı vərəqə alması olub.

Hadisə matçın fasiləsində baş verib. Braziliyalı hücumçu “Baiya”nın yarımmüdafiəçisi Rodriqo Nestorla mübahisə edərkən ağzını əli ilə örtüb. Rəqib futbolçu bu hərəkətlə bağlı hakimə şikayət edib və Neymar 46-cı dəqiqədə meydandan kənarlaşdırılıb.

Qərar futbolçuların ağızlarını örtərək mümkün təhqirləri gizlətməsinin qarşısını almağa yönəlmiş qayda ilə əlaqələndirilib.

Neymar isə hakim qərarına etiraz edərək Nestorun vəziyyətdən öz xeyrinə istifadə etdiyini bildirib.

“Nestorun mənə qarşı etdiyini çox ciddi hesab edirəm. Çünki bu qayda irqçiliyə qarşı yaradılıb. O isə mənim ağzımı əlimlə örtməyimdən istifadə etdi. Halbuki ona heç nə deməmişdim. Əlbəttə, bir-birimizə söz atırdıq və bu, futbolun bir hissəsidir. Amma onun etdiyi çox ciddi məsələdir”, - deyə hücumçu açıqlama verib.

Neymarın adı eyni zamanda Braziliyada siyasi müzakirələrdə də hallanıb.

Futbolçu ölkə Konqresinin deputatı, sabiq prezident Jair Bolsonaronun tərəfdarı kimi tanınan Nikolas Ferreyranın iştirak etdiyi videonu sosial şəbəkədə paylaşıb.

Videoda Ferreyra Neymara 11 üstəgəl 11-in neçə etdiyini soruşur. Cavab olan 22 rəqəmi siyasi məna daşıyır. Belə ki, bu rəqəm Bolsonaronun siyasi qüvvəsinin seçki nömrəsi ilə əlaqələndirilir.

Bu, Neymarın siyasi mövqeyini nümayiş etdirməsi ilə bağlı ilk hadisə deyil. Futbolçu daha əvvəl də Jair Bolsonaronu açıq şəkildə dəstəkləyib. Həmin mövqe Braziliyada birmənalı qarşılanmayıb və bəzi azarkeşlərin tənqidinə səbəb olub.

Qeyd edək ki, “Santos” Neymarın meydandan qovulduğu qarşılaşmada son dəqiqələrdə məğlubiyyətdən xilas olub. “Baiya”nın heyətində Lusiano Juba 39-cu dəqiqədə hesabı açıb. Meydan sahiblərinin bərabərlik qolunu isə 90+3-cü dəqiqədə Qabriel Peres vurub.

İdman.Biz