Bakıda keçirilən 15 yaşadək futbolçular arasında FIFA dünya çempionatının ikinci oyun günü bir neçə böyükhesablı qələbə, gözlənilməz nəticə və dramatik sonluqla yadda qalıb.
İdman.Biz xəbər verir ki, oktyabrın 25-də keçirilən qarşılaşmalarda iki milli komanda ikirəqəmli hesabla qalib gəlib, digər bir yığma isə hesabı açmasına baxmayaraq, səkkiz top fərqi ilə məğlub olub.
İndiyədək müəyyənləşdirilən nəticələr arasında ən böyük hesab Kolumbiya və Samoa yığmalarının görüşündə qeydə alınıb. Cənubi Amerika təmsilçiləri rəqib qapısından 11 cavabsız top keçiriblər - 11:0.
Benin millisi də eyni dərəcədə təsirli qələbə qazanaraq Kuk adaları yığmasını 10:0 hesabı ilə darmadağın edib. Osias Assiqbe het-trikə imza atıb, Benua Dossu-Yovo və Noe Faton isə hərəyə iki qol vurublar. Maraqlıdır ki, Afrika təmsilçisi son iki qolunu 39-cu və 40-cı dəqiqələrdə vurub.
Beləliklə, Kolumbiya və Benin iki qarşılaşmada ümumilikdə 21 qol vurub və qapılarından bir top belə buraxmayıblar.
Günün ən qeyri-adi hadisələrindən biri isə Latviya və Qabon yığmalarının görüşündə yaşanıb. Afrika təmsilçisi artıq beşinci dəqiqədə hesabı açsa da, bundan sonra ardıcıl doqquz qol buraxıb. Fasiləyə 4:1 hesablı üstünlüklə yollanan latviyalılar ikinci hissədə fərqi daha da artıraraq 9:1 hesablı qələbə qazanıblar. Sonuncu qol 39-cu dəqiqədə vurulub.
Gözlənilməz nəticələr arasında Hindistanın Kamerun üzərində 2:1 hesablı qələbəsi də diqqət çəkib. Qarşılaşma artıq birinci dəqiqədə Kamerun futbolçusunun avtoqolu ilə başlayıb. Fasilə ərəfəsində isə hindistanlılar topu öz qapılarından keçiriblər. 27-ci dəqiqədə R. Lalremruatfela Hindistanı yenidən hesabda önə çıxarıb. Qısa müddət sonra qapıçı Cenit Ninqthoucam penaltini dəf edərək qələbə hesabını qoruyub.
Slovakiya və Tailand yığmalarının qarşılaşması da dramatik keçib. Asiya təmsilçisi iki dəfə hesabda önə keçsə də, avropalılar oyunun gedişini dəyişərək 3:2 hesablı qələbə qazanıblar. Həlledici qolu 40-cı dəqiqədə penaltidən Patrik Hutira vurub.
Günün digər böyükhesablı nəticələri arasında Seneqalın Qrenadanı 6:1, Keniyanın Panamanı 5:1, Vyetnamın isə Bruneyi 6:0 hesabı ilə məğlub etməsi yer alıb.
Qeyd edək ki, tarixdə ilk dəfə keçirilən U-15 dünya çempionatı qeyri-adi formatda təşkil olunur. Komandalar ölçüləri kiçildilmiş meydançalarda səkkizə səkkiz formatında mübarizə aparırlar. Hər qarşılaşma 20 dəqiqəlik iki hissədən ibarət olmaqla cəmi 40 dəqiqə davam edir. Məhz buna görə belə məhsuldar oyunlar ənənəvi futbolla müqayisədə xeyli qısa müddətə başa çatır.
Oktyabrın 30-dək davam edəcək yarışda 189 milli komanda iştirak edir. Matçlar əsasən Hövsan İdman Kompleksində keçirilir, həlledici görüşlər isə Bakı Kristal Zalında baş tutacaq.
