İngiltərənin “Arsenal” futbol komandası qış transfer pəncərəsində “Barselona”nın futbolçusu Rafinyanı heyətinə qatmağa çalışa bilər.
İdman.Biz xəbər verir ki, London klubu 29 yaşlı braziliyalı üçün təxminən 80 milyon avroluq (158 milyon AZN) təklif hazırlamağı nəzərdən keçirir. Məlumata görə, baş məşqçi Mikel Arteta Rafinyanın cinahlarda və hücumun müxtəlif mövqelərində çıxış edə bilməsini əsas üstünlüklərindən biri hesab edir.
“Arsenal” yay transfer pəncərəsində hücum xəttinə istədiyi səviyyədə əlavə edə bilməyib. Klub Julian Alvares və Vinisius Junior kimi futbolçularla maraqlansa da, bu keçidlər baş tutmayıb. Eyni zamanda, Qabriel Jezus və Qabriel Martinellinin gedişindən sonra Artetanın sərəncamında hücum xəttində seçimlər azalıb.
Rafinya isə yeni mövsümə çox məhsuldar başlayıb. Braziliyalı La Liqanın ilk dörd oyununda altı qol vurub və bir məhsuldar ötürmə verib. Bu göstərici onu hazırda “Barselona”nın ən təhlükəli hücumçularından birinə çevirib.
Bununla belə, transferin reallaşması asan görünmür. Rafinya “Barselona”nın əsas futbolçularından biridir və Kataloniya klubunun mövsümün ortasında onu 80 milyon avroya satmağa razı olacağına dair hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, “Arsenal” Rafinya ilə daha əvvəl də maraqlanıb. London klubu 2022-ci ildə onun transferi üçün cəhd göstərib, lakin futbolçu “Barselona”ya keçib.
