Lautaronun “Napoli”yə vurduğu qolun arxasındakı təsirli hekayə - FOTO

6 Sentyabr 2026 23:46
83
Lautaronun “Napoli”yə vurduğu qolun arxasındakı təsirli hekayə - FOTO

İtaliyanın “İnter” futbol komandasının “Napoli” üzərində 3:2 hesablı qələbəsindən sonra Lautaro Martinesin qol sevincini əks etdirən foto sosial şəbəkələrdə geniş yayılıb.

İdman.Biz xəbər verir ki, Lautaro qol vurduqdan sonra tribunadakı baryerə dırmaşıb və azarkeşlərlə sevincini bölüşüb. Onun düz qarşısında isə 71 yaşlı “İnter” azarkeşi Luka Leoni və oğlu Tommazo olub. Leoni beş ildir amiotrofik lateral skleroz (ALS) səbəbindən əlil arabasından istifadə edir.

Leoni xəstəliyinə baxmayaraq, mümkün olduqca “San Siro”ya gedərək “İnter”in oyunlarını stadiondan izləməyə davam edir. Klub prezidenti Beppe Marotta və “İnter”in sosial məsələlər üzrə məsul şəxsləri də onunla yaxından maraqlanırlar.

Maraqlıdır ki, Leoni 2025-ci ildə Çempionlar Liqasının finalını izləmək üçün Milandan Münhenə xüsusi təchiz olunmuş təcili tibbi yardım maşını ilə gedib.

“Gazzetta dello Sport” yazır ki, Lautaro həmin an qarşısında kimin olduğunu bilməsə də, təsadüfən məhz hər gün xəstəliklə mübarizə apararaq sevimli komandasının oyunlarına gələn azarkeşin qarşısında qol sevincini yaşayıb.

İdman.Biz