“Bavariya” Olisenin gələcəyi ilə bağlı təminat vermədi

6 Sentyabr 2026 17:39
41
“Bavariya” Olisenin gələcəyi ilə bağlı təminat vermədi

Almaniyanın “Bavariya” futbol klubunun baş icraçı direktoru Yan-Kristian Dreesen Maykl Olisenin komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, Dreesen “Doppelpass” proqramında fransalı futbolçunun gələn yaydan sonra da komandada qalacağına zəmanət verməyib.

“Futbolda vəd vermək çətin məsələdir. Onu uzunmüddətli saxlaya bilib-bilməyəcəyimizi yayda yenidən müzakirə edəcəyik”, - Dreesen bildirib.

O, yay transfer pəncərəsində Olise ilə bağlı hər hansı rəsmi təklif almadıqlarını da qeyd edib:

“Masamızda heç bir təklif olmayıb. Biz həmişə demişik ki, onun satılmasında maraqlı deyilik. Mövqeyimiz məhz budur. Olise bu komanda üçün inanılmaz dərəcədə vacibdir. O, meydanda sehrbazdır”.

Olisenin müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, son aylarda onun adı Avropanın bir sıra aparıcı klubları, o cümlədən “Real”la hallanır.

“Bavariya” rəhbərliyinin açıqlamalarından görünür ki, klub hazırda fransalı futbolçunu satmaq niyyətində deyil, lakin onun uzunmüddətli gələcəyi ilə bağlı məsələyə gələn yay yenidən baxıla bilər.

İdman.Biz