“Milan” futbol komandasının yarımmüdafiəçisi Adrien Rabio İtaliya A Seriyasının “Yuventus”la oyununda start heyətində meydana çıxmağa yaxındır.
İdman.Biz xəbər verir ki, fransalı futbolçu mövsümün əvvəlində “Torino” və “Venesiya” ilə matçlarda ehtiyatdan meydana daxil olaraq komandasının hücum oyununa ciddi təsir göstərib. “Torino” ilə görüşdə 34 dəqiqə oynayan Rabio əvvəl assist edib, daha sonra özü fərqlənib. “Venesiya”ya qarşı isə 30 dəqiqə ərzində məhsuldar hərəkət etməsə də, “Milan”ın hücum tempini artırıb.
“Yuventus”la oyun Rabio üçün xüsusi əhəmiyyət daşıyır. O, fərqlənəcəyi halda “Yuventus” - “Milan” qarşılaşmalarında hər iki klubun heyətində qol vuran ilk əcnəbi futbolçu olacaq.
Fransalı yarımmüdafiəçi Turin klubunda beş mövsüm keçirib. Rabio “Yuventus”un formasında 212 oyuna çıxıb və 22 qol vurub. Bu qollardan 16-sını 2022–2024-cü illər arasında vurub. Məhz Turin klubundakı çıxışları onun Fransa millisində də əsas futbolçulardan birinə çevrilməsində mühüm rol oynayıb.
Rabionun “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədərdir və anlaşmada daha bir mövsüm uzatma imkanı var. Onun hazırkı illik maaşı 3,5 milyon avrodur (6.9 milyon AZN). Klub artıq futbolçu ilə yeni müqavilə məsələsini nəzərdən keçirir və maaşının artırılması gözlənilir.
