FIFA ilə UEFA arasında hüquqi mübahisə yeni mərhələyə keçib.
İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, FIFA ABŞ federal məhkəməsinə təqdim etdiyi sənəddə UEFA-nın son hüquqi addımlarını quruma və onun rəhbərliyinə qarşı “qaralama kampaniyası”nın bir hissəsi adlandırıb. FIFA məhkəmədən UEFA-nın məlumat və sənədlərin əldə olunması ilə bağlı tələbini rədd etməyi istəyib.
UEFA avqustun sonunda ABŞ-nin müxtəlif məhkəmələrinə dörd ayrı sorğu təqdim edib. Avropa futbol qurumu FIFA prezidenti Canni İnfantinoya qarşı mümkün cinayət işi ilə əlaqədar araşdırma üçün sənəd və yazışmaların əldə olunmasını istəyib. Söhbət “FIFA Forward Enterprise” (FFE) layihəsindən gedir.
UEFA-nın müraciətində FIFA ilə yanaşı, investor Coşua Kuşner, onun rəhbərlik etdiyi “Thrive Capital” investisiya şirkəti və “JP Morgan”la bağlı məlumatların da əldə olunması tələb edilir. “Thrive Capital” İnfantinonun FFE planında əsas investor kimi nəzərdə tutulurdu.
FIFA isə bildirir ki, UEFA-nın İsveçrədə quruma qarşı aktiv hüquqi prosesi yoxdur və buna görə ABŞ-də geniş həcmdə məlumat tələb etməsi əsaslı deyil. FIFA-nın hüquqşünasları həmçinin belə məlumatların açıqlanmasının qurumun daxili qaydalarına əsasən məxfi saxlanmalı materialların ictimailəşməsinə səbəb ola biləcəyini vurğulayıblar.
FIFA sənəddə UEFA-nın FFE layihəsinə qarşı mövqeyinin iqtisadi səbəblərlə bağlı olduğunu da iddia edib. Qurumun fikrincə, inkişaf etməkdə olan ölkələrdə futbolun güclənməsi UEFA-nın bazardakı təsirini azalda və onun əsas turnirlərinə rəqabəti artıra bilər.
Bundan başqa, FIFA hesab edir ki, UEFA İsveçrədə birbaşa cinayət prosesi başladılması səlahiyyətinə malik deyil və tərəflər arasındakı mübahisələr FIFA-nın nizamnaməsinə uyğun olaraq arbitraj yolu ilə həll edilməlidir.
