Futbolçu qadınlara analıq dəstəyi – İspaniya federasiyası xərcləri qarşılayacaq

3 Sentyabr 2026 00:14
86
Futbolçu qadınlara analıq dəstəyi – İspaniya federasiyası xərcləri qarşılayacaq

İspaniya Kral Futbol Federasiyası (İKFF) milli komandada çıxış edən qadın futbolçular üçün yumurtahüceyrələrin dondurulması xərclərinin qarşılanmasını nəzərdə tutan proqram hazırlayır.

İdman.Biz xəbər verir ki, federasiya hazırda reproduktiv tibb üzrə ixtisaslaşmış klinikalardan biri ilə danışıqları yekunlaşdırır. Proqramın məqsədi futbolçulara reproduktiv materiallarını qorumaq və karyeralarını yarımçıq qoymadan analıq üçün uyğun vaxtı seçmək imkanı yaratmaqdır. Maliyyələşdirmənin dəqiq şərtləri isə hələ müəyyənləşdirilməyib.

Yeni proqramın sentyabrın 21-də təqdim olunacağı gözlənilir. İspaniya mətbuatının məlumatına görə, federasiya bu prosedurdan yararlanmaq istəyən futbolçulara maliyyə dəstəyi göstərəcək.

Məsələnin müzakirəyə çıxarılmasının təşəbbüskarlarından biri milli komandanın kapitanı Aleksia Putelyas olub. O və digər futbolçular daha əvvəl peşəkar karyera ilə analıq planlarının uyğunlaşdırılmasında yaşanan çətinlikləri federasiyanın diqqətinə çatdırıblar.

Putelyas bu təşəbbüsü böyük addım adlandırıb. Onun sözlərinə görə, futbolçu milli komandanı təmsil edərkən bioloji saatı ilə peşəkar karyerası arasında çətin seçim qarşısında qala bilər.

Qeyd edək ki, oxşar proqramlar peşəkar idmanın digər sahələrində də mövcuddur. Məsələn, Qadın Tennis Assosiasiyası (WTA) tennisçilərə reproduktiv sağlamlığın qorunması ilə bağlı prosedurlar üçün karyeralarını müvəqqəti dayandırmağa və daha sonra qorunan reytinqlə kortlara qayıtmağa imkan verir.

İdman.Biz