İspaniyanın “Barselona” futbol komandasının sabiq hücumçusu Robert Levandovski “Real Madrid”in Joze Mourinyonun gəlişindən sonra daha güclü komandaya çevrildiyini bildirib.
İdman.Biz xəbər verir ki, hazırda MLS-də “Çikaqo Fayr”ın formasını geyinən polşalı futbolçu keçmiş komandasının və Madrid təmsilçisinin yeni mövsümdəki perspektivlərini dəyərləndirib.
Levandovski “Real”ın yay transferləri ilə heyətini gücləndirdiyini və Mourinyonun baş məşqçi postuna qayıdışının komandaya əlavə üstünlük verdiyini vurğulayıb.
37 yaşlı hücumçu “Barselona”nın da yüksək səviyyədə mübarizə apara biləcəyinə inanır. Bununla belə, onun fikrincə, katalonlar yayda hücum xəttində mühüm itkilərlə üzləşiblər.
Levandovski özünün ABŞ-yə yollanmasından sonra komandanın qol potensialının azaldığını, Markus Reşfordun “Mançester Yunayted”ə qayıtdığını, Ferran Torresin isə PSJ-yə transfer olunduğunu xatırladıb.
Polşalı futbolçu Xulian Alvaresin “Barselona”ya keçməsinin komanda üçün böyük üstünlük olacağını da qeyd edib. Argentinalı hücumçunun transferi yay ərzində katalonların əsas hədəflərindən biri olsa da, keçid baş tutmayıb.
Levandovski buna baxmayaraq, keçmiş klubunun Çempionlar Liqasında uğur qazanmaq potensialına malik olduğunu düşünür. O, heyətdə dünya çempionluğu yaşamış və böyük turnirlərdə təcrübə toplamış futbolçuların olmasını əsas üstünlüklərdən biri hesab edir.
Qeyd edək ki, Levandovski bu yay “Barselona”dan ayrılaraq “Çikaqo Fayr”a keçib.
