FIFA prezidenti Canni Infantino Rusiya hökuməti ilə əlaqəli şəxsi təyyarələrdən istifadə etmiş ola bilər.
İdman.Biz “The Telegraph”a istinadən xəbər verir ki, sözügedən təyyarələr arasında Rusiya Prezidenti Vladimir Putinə məxsus və ya onunla əlaqəli hava gəmiləri də ola bilər. Nəşr İnfantinonun FIFA prezidenti olduğu ilk günlərdən qurumun qaydalarını pozduğunu iddia edib.
İnfantino 2016-cı ilin fevralında FIFA prezidenti seçilib. Həmin ilin iyununda federasiyanın yüksək vəzifəli əməkdaşları tərəfindən onunla bağlı şikayət daxil olub. FIFA-nın Etika Komitəsinin apardığı araşdırmanın nəticələri isə bu günə qədər tam şəkildə açıqlanmayıb.
İnfantinoya qarşı digər iddialar arasında anası ilə Roma Papası ilə görüşə FIFA-nın hesabına səfər etməsi, illik 2,1 milyon avro maaşdan imtina etməsi və bəzi əməkdaşların vəzifələrə həddindən artıq yüksək maaşlarla təyin olunması da yer alıb. Buna baxmayaraq, onun barəsində hər hansı sanksiya tətbiq edilməyib və sonradan İnfantinoya qarşı irəli sürülən ittihamlar aradan qaldırılıb.
Hazırda FIFA prezidenti vəzifəsini qorumağa çalışır. Dünya çempionatının təşkilinin şirkətlərə satılması ilə bağlı planın uğursuzluğundan sonra İnfantinoya qarşı tənqidlər daha da artıb.
