İtaliyanın “Milan” klubunun baş məşqçisi Ruben Amorimin gənc hücumçu Françesko Kamarda ilə bağlı qərarları müzakirələrə səbəb olub.
İdman.Biz “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümün əvvəlində 18 yaşlı futbolçuya daha çox oyun şansı verəcəyini bildirsə də, hələlik vədinə əməl etmədiyi üçün tənqid olunur.
Buna səbəb “Milan”ın Avropa Liqasının üçüncü turunda səfərdə “Bornmut”a 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmada Kamardanın ehtiyat oyunçular skamyasında qalmasıdır.
Əsas hücumçu Qonsalu Ramuş zədə səbəbindən matçda iştirak etməsə də, Amorim Kamardanı meydana buraxmayıb. Onun əvəzinə 20 yaşlı Alfadjo Sisse mərkəz hücumçusu mövqeyində çıxış edib.
Nəşr xatırladıb ki, Amorim avqustun 27-də Kamardaya güvəndiyini açıq şəkildə bildirib.
“Kamardanı meydana buraxmaq məcburiyyətində qalacağım vəziyyətdə olmaq istəyirəm. O, özünü vacib hiss etməli, üçüncü deyil, ikinci hücumçu olduğunu bilməlidir. Oyun şansı qazanacaq. Mən ona həqiqətən inanıram”, - deyə portuqaliyalı mütəxəssis söyləyib.
Lakin həmin açıqlamadan təxminən iki ay keçməsinə baxmayaraq, 2008-ci il təvəllüdlü futbolçu bu mövsüm əsas komandada cəmi bir saatdan bir qədər çox oynayıb.
Qeyd edək ki, “Milan” Avropa Liqasında keçirdiyi üç qarşılaşmanın ikisində məğlub olub. Komanda İtaliya A Seriyasında isə yeddi turdan sonra məğlubiyyətsizdir.
