İtaliyanın sabiq futbolçusu: “Komo” çempionluğa oynaya bilər

1 Sentyabr 2026 17:46
85
İtaliyanın sabiq futbolçusu: “Komo” çempionluğa oynaya bilər

İtaliyanın sabiq futbolçusu və futbol eksperti Massimo Mauro “Komo”nun bu mövsüm A Seriyasında çempionluq uğrunda mübarizə apara biləcəyini düşünür.

İdman.Biz xəbər verir ki, Mauro “Komo”nun mövsümə startını yüksək qiymətləndirərək komandanın oyun üslubunu Luçano Spallettinin rəhbərliyi altında çempion olmuş “Napoli” ilə müqayisə edib.

Onun sözlərinə görə, Sesk Fabreqasın komandası meydanda futbol oynamaqdan zövq alır və belə atmosferdə futbolçular üçün öz keyfiyyətlərini göstərmək daha asandır. Mauro hesab edir ki, İtaliyanın böyük klubları “Komo”ya qarşı oyunlarda ciddi problemlərlə üzləşə bilər.

“Komo” A Seriyasının ikinci turunda səfərdə “Napoli”ni 2:1 hesabı ilə məğlub edib. Martin Baturina və Anastasios Duvikasın qolları komandanın Neapoldan üç xalla ayrılmasını təmin edib. Gazzetta bu nəticənin təsadüf olmadığını, “Komo”nun artıq çempionluq mübarizəsində nəzərə alınmalı komandalardan birinə çevrildiyini vurğulayır.

Fabreqasın rəhbərliyi altında “Komo” son illərdə sürətli inkişaf yolu keçib. Komanda əvvəlcə B Seriyasından A Seriyasına yüksəlib, ötən mövsüm isə Çempionlar Liqasına vəsiqə əldə edib. “Napoli” ilə oyunda Fabreqas matçın gedişində taktiki sxemi bir neçə dəfə dəyişərək üstünlüyü qorumağı bacarıb.

Mauro bununla belə, yeni transferlər barədə yekun fikir söyləmək üçün hələ tez olduğunu qeyd edib. O, komandanın ümumi oyun sisteminin və meydandakı sərbəstliyinin hazırda əsas üstünlüklərdən biri olduğunu bildirib.

İdman.Biz