İtaliyanın “Yuventus” futbol komandasının sabiq yarımmüdafiəçisi Arturo Vidal gələcəkdə Turin təmsilçisinə qayıtmaq istədiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 39 yaşlı çilili futbolçu “La Gazzetta dello Sport”a müsahibəsində məşqçilik planlarından danışıb.
“Gələcəkdə “Yuventus”a qayıdacağam, amma bu dəfə məşqçi kimi”, - deyə Vidal bildirib.
Hazırda vətənində “Kolo-Kolo”nun formasını geyinən yarımmüdafiəçi peşəkar karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlamaq niyyətindədir.
O, “Yuventus”da keçirdiyi illəri də xatırlayıb. Vidal bildirib ki, Turin komandasında Canluici Buffon, Andrea Pirlo, Corcio Kyellini, Pol Poqba və Karlos Teves kimi futbolçularla eyni heyətdə çıxış etməsi onun üçün əlamətdar dövr olub.
Qeyd edək ki, Vidal 2011-2015-ci illərdə “Yuventus”da oynayıb və komanda ilə dörd dəfə İtaliya çempionluğunu qazanıb.
