Futbolçu rəqibinə kömək etdiyi üçün təhqirlərlə üzləşdi və ağladı - VİDEO

26 Oktyabr 2026 01:25
89
Futbolçu rəqibinə kömək etdiyi üçün təhqirlərlə üzləşdi və ağladı - VİDEO

Uruqvay futbol çempionatında “Penyarol” və “Xuventud Las-Pyedras” komandaları arasında keçirilən qarşılaşmada qeyri-adi hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, “Penyarol”un argentinalı futbolçusu Leonel Xayme zədələnən rəqibinə kömək etmək üçün komandasının hücumunu dayandırıb. Lakin onun bu addımı həm komanda yoldaşlarının, həm də azarkeşlərin narazılığına səbəb olub.

Hadisə görüşün birinci hissəsinin 32-ci dəqiqəsində baş verib. “Penyarol”un müdafiəçisi İqnasio Aleqre ilə mübarizədən sonra rəqib futbolçu Kevin Rolon yerdə qalıb. Hakim qayda pozuntusu qeydə almayaraq oyunu davam etdirib.

Topu qəbul edən Xayme isə rəqibinin ağrılar içində olduğunu görərək hücumu dayandırmaq qərarına gəlib. O, futbolçuya tibbi yardım göstərilməsi üçün topu meydandan kənara göndərib.

Ancaq gənc oyunçunun bu davranışı gözlənilməz reaksiya ilə qarşılanıb. “Penyarol” azarkeşləri onu fitə basıb, bəzi komanda yoldaşları isə əlverişli hücum imkanını dayandırdığı üçün futbolçuya etiraz ediblər.

Xüsusilə Xavyer Kabrera komanda yoldaşına yüksək səslə irad bildirib. Bu münasibətdən təsirlənən Xayme göz yaşlarını saxlaya bilməyib. Futbolçunun meydanda ağladığı anlar televiziya kameralarına düşüb.

Hadisədən sonra “Penyarol”un prezidenti İqnasio Ruqlio gənc oyunçuya dəstək verib. Klub rəhbəri Xayme ilə görüşərək onunla birlikdə nahar edib və sosial şəbəkədə dəstək mesajı paylaşıb.

“Çətin anlardan birlikdə və çalışaraq çıxmaq olar. İrəli, Leo, hər şey yaxşı olacaq”, - deyə Ruqlio bildirib.

Qeyd edək ki, Argentinanın “River Pleyt” futbol komandasından icarəyə götürülən 20 yaşlı Xayme “Penyarol”un əsas futbolçularından biridir.

Uruqvay çempionatının 12-ci turunda keçirilən “Xuventud Las-Pyedras” - “Penyarol” qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.

İdman.Biz