“Nottinqem Forest” “Everton”un 19 yaşlı futbolçusu Harrison Armstronqun transferi üçün 40 milyon funt-sterlinqlik (92 milyon manat) təklif göndərib.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, “Bournemouth”la 1:1 hesablı heç-heçə başa çatan oyunda “Everton” azarkeşləri klubun akademiyasının yetirməsi olan gənc futbolçunun mümkün satışına kəskin etiraz ediblər. Tərəfdarlar Armstronqun satılacağı təqdirdə buna ciddi şəkildə qarşı çıxacaqlarını bildiriblər.
“Everton”un baş məşqçisi Devid Moyes də azarkeşlərin narazılığını başadüşülən hesab etdiyini deyib.
“Azarkeşlər hər zaman haqsız olmur. Amma bəzən klub rəhbərliyi çətin və qeyri-populyar qərarlar qəbul etməli olur. Lakin bir şeyi unutmasınlar ki, onların meneceri də bir Evertonludur”, – deyə şotlandiyalı mütəxəssis bildirib.
Moyes həmçinin çempionat başladıqdan sonra transfer pəncərəsinin açıq qalmasını “anlaşılmazlıq” adlandırıb. O, yeni futbolçuların cəlb olunmadığı bir vaxtda komandanın aparıcı oyunçularından birini itirmək təhlükəsinin narahatlıq doğurduğunu vurğulayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yay transfer pəncərəsi sentyabrın 1-də bağlanacaq. Armstronqun gələcəyi ilə bağlı son qərarı klubun yeni sahibi – “The Friedkin Group” verəcək.
