“Fənərbağça”nın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi “Lion”la cavab oyunundan sonra yaşanan ciddi insidentlə yadda qalıb.
İdman.Biz xəbər verir ki, Final fitindən sonra İstanbul klubunun yarımmüdafiəçisi Matteo Genduzi ilə “Lion”un futbolçuları arasında qarşıdurma yaranıb.
Fransalı futbolçu oyunboyu rəqib futbolçular və tribunadakı azarkeşlərlə mübahisə edib. Qarşılaşma başa çatdıqdan və Genduzi komandasının qələbəsini qeyd etməyə başladıqdan sonra “Lion”un futbolçuları və məşqçilər korpusunun üzvləri ona tərəf yönəliblər.
Məlumata görə, Fransa klubunun bir neçə futbolçusu Genduzi ilə fiziki qarşıdurmaya girməyə cəhd göstərib. “Fənərbağça”nın futbolçuları və klub nümayəndələri müdaxilə edərək davanın daha ciddi münaqişəyə çevrilməsinin qarşısını alıblar.
Hadisə bununla da bitməyib. Gərginlik tunelin girişində də davam edib. “Lion” azarkeşlərindən biri tribunadan aşağı tullanaraq Genduziyə yaxınlaşmağa çalışıb. “Fənərbağça”nın futbolçuları və məşqçilər korpusunun üzvləri azarkeşi saxlayıblar.
Qeyd edək ki, “Fənərbağça” səfərdə “Lion”a 2:1 hesabı ilə qalib gəlib. İstanbul klubu ilk oyundakı 1:1 hesablı heç-heçədən sonra iki görüşün nəticəsinə əsasən 3:2 üstün olaraq UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
