“Barselona” La Liqanın 2-ci turunda “Elçe” ilə keçirilən oyundan (5:0) əvvəl polisin hərəkətlərini pisləyib.
İdman.Biz xəbər verir ki, matçdan əvvəl “Manuel Martines Valero” stadionunun qarşısında polis əməkdaşları “Barselona” azarkeşlərini saxlayıb və onlardan Kataloniyanın müstəqilliyi uğrunda hərəkatla bağlı bayraqları götürüblər. Bu zaman azarkeşlərdən biri saxlanılarkən döyülüb. Klub belə tədbirləri həddindən artıq hesab edir.
“Barselona” dünən “Elçe” ilə çempionat matçından əvvəl “Martines Valero” stadionunun yaxınlığında baş verən hadisələr zamanı klub üzvlərinə və azarkeşlərə qarşı gücün qeyri-mütənasib tətbiq edilməsini pisləyir.
Xüsusilə, klub azarkeşlərdən birinin saxlanılması zamanı görülən tədbirlərin qeyri-mütənasib, güc tətbiqinin isə əsassız və yolverilməz olduğunu hesab edir. “Barselona” saxlanılan azarkeşə və onun ailəsinə bütün zəruri dəstəyi göstərməyə hazırdır.
“Barselona” həmçinin polis əməkdaşlarının klub azarkeşlərindən “Estelada” bayraqlarını yenidən müsadirə etməsindən təəssüfünü bildirir. “Estelada” rəsmi olaraq istifadəsinə icazə verilmiş simvoldur və onun nümayiş etdirilməsi söz azadlığının qanuni ifadəsidir. Buna görə də, onun özü nifrətə və ya zorakılığa çağırış hesab edilə bilməz.
“Barselona” bu hadisələrlə bağlı lazımi izahatların verilməsini gözləyir və həm “Spotify Kamp Nou” stadionunda, həm də rəqib komandaların arenalarında öz üzvlərinin və azarkeşlərinin ləyaqətini, hüquqlarını və fikir azadlığını qorumaq üçün məqsədəuyğun hesab etdiyi istənilən tədbiri görmək hüququnu özündə saxlayır”, - deyə klubun rəsmi saytında yayımlanan bəyanatda bildirilir.
